Beynəlxalq iqtisadi münasibətlər
Beynəlxalq iqtisadi münasibətlər — maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemi.
Beynəlxalq iqtisadi münasibətlər ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir.
Beynəlxalq iqtisadi münasibətlərin predmeti kimi iki əsas tərkib hissəsi çıxış edir: Beynəlxalq iqtisadi münasibətlərin özü və bu münasibətlərin reallaşdırılması mexanizmi. Beynəlxalq iqtisadi münasibətlər bir elm kimi xarici ölkələrin iqtisadiyyatını deyil, onların iqtisadi münasibətlərinin xüsusiyyətlərini öyrənir.
Beynəlxalq iqtisadi münasibətlər, ümumilikdə iqtisadi münasibətlər kimi insan fəaliyyətinin bir sferasıdır və o, təsərrüfat fəaliyyətinin ümumi qanunauyğunluqlarına tabe olur. Beynəlxalq iqtisadi münasibətlər obyektiv olaraq əmək bölgüsü prosesindən, istehsalın və elmin beynəlxalq ixtisaslaşmasından, təsərrüfat fəaliyyətinin beynəlmiləlləşməsindən çıxış edir.
Beynəlxalq iqtisadi münasibətlərə milli təsərrüfatların iqtisadi cəhətdən qarşılıqlı əlaqə və asılılıq münasibətləri sistemi kimi də baxıla bilər. Beynəlxalq iqtisadi münasibətlərin formalaşması və inkişafı ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının qarşılıqlı əlaqə və asılılıqlarının güclənməsi ilə şərtlənir.
Bununla belə, bütün bu qarşılıqlı yaxınlaşma və əməkdaşlıq prosesləri ziddiyyətli, dialektik xarakter daşıyır. Beynəlxalq iqtisadi münasibətlərin dialektikası özünü onda göstərir ki, iqtisadi müstəqilliyə səy göstərmə, ayrı-ayrı ölkələrin milli təsərrüfatlarını inkişaf etdirmək istiqamətində həyata keçirdikləri məqsədyönlü tədbirlər son nəticədə dünya təsərrüfatının daha çox beynəlmiləlləşməsinə, milli iqtisadiyyatların xarici aləm üçün daha çox açılmasına, beynəlxalq əmək bölgüsünün dərinləşməsinə gətirib çıxarır.